"Neft bazarına təzyiqlər büdcə gəlirlərini azalda bilər" - İqtisadçı

Gündəm
14 октября 2025 г., 12:45
"Neft bazarına təzyiqlər büdcə gəlirlərini azalda bilər"

Qlobal enerji bazarlarında sabitlik və qiymət balansı həm istehsalçı, həm də istehlakçı ölkələr üçün strateji əhəmiyyət kəsb edir. Son illərdə neft qiymətlərində müşahidə olunan dalğalanmalar, iqtisadi böhranlar və tələbin dəyişkənliyi bazarda təklif və tələb arasındakı balansın nə qədər həssas olduğunu göstərir. Bu kontekstdə, OPEC+ ölkələrinin hasilatı artırmaq qərarları beynəlxalq enerji siyasətində diqqət mərkəzindədir.

Mövzu barədə Kredit.az-a açıqlama verən iqtisadçı-alim  Vüsalə Əhmədova bildirib ki, OPEC+ ölkələrinin neft hasilatını artırmaq planları bazarda əlavə təklif və qiymətlərin aşağı düşməsi riski yaradıb:

“Məsələn, noyabr ayı üçün hasilat artımı planlama qərarı bazarın bəzi ehtiyatlarını yumşaltmışdır. Həmçinin də, qlobal iqtisadi artımın yavaşlaması ABŞ, Çin və AB ölkələri kimi, xüsusilə böyük tələbatçı ölkələrdə neftə olan tələbə mənfi təsir göstərir. Beləliklə, bazarda tələb çatışmazlığı ehtimalı qiymətləri aşağı çəkir. Əlavə olaraq, İsrail-Hamas toqquşmaları başladıqda neft boru kəmərləri və neft axını üçün risklər yaranmışdı. Bu tip risklər “supply shock” (təklif şoku) yaradırdı və bazar iştirakçıları bunu qiymətlərə daxil edirdilər. Hazırda isə, Gəzza ilə bağlı atəşkəs xəbəri riskləri azaldaraq qiymətlərin bir qədər enməsinə səbəb olub”.

ABŞ-nin Çinə tətbiq etdiyi tariflər və ixrac məhdudiyyətləri dünya iqtisadiyyatında qeyri-müəyyənliyi artırdığını diqqətə çatdıran iqtisadçı vurğulayıb ki,  bu da enerji tələbatına dair pessimizmə yol açır:

 “OPEC+ üzvlərinin istehsal siyasəti və ABŞ-də qazma fəaliyyətinin bərpası nəticəsində qlobal təklifin 2026-da artacağı proqnozlaşdırılır. Qabaqcıl analitiklər də 2026-da stokların artacağını və nəticədə Brent markalı neftin qiymətində azalma potensialı olduğunu bildirirlər. Bu, xüsusilə zəif tələblə eyni vaxtda baş verərsə, qiymətlərin davamlı olaraq təzyiq altında qalmasına gətirib çıxara bilər. Bundan əlavə, dünyada iqtisadi artımın yavaşlama ehtimalı və həmçinin, ABŞ-Çin ticarət gərginliklərindən doğan tələbatın zəifləməsinin də neftə olan tələbə mənfi təsir göstərəcəyini söyləyə bilərik”.

V.Əhmədova qeyd edib ki, tələbdə gözlənilməz zəifləmələr enerji qiymətlərində kəskin enişlərə yol açmaqla bərabər dolların güclənməsi də enerji qiymətlərinə təsir göstərir və maliyyə seqmentlərində risk iştahasını azaldır:

“Bütün bu proqnozların fonunda bizim kimi, enerji ixracatçısı ölkələrdə büdcə gəlirlərinin azalma riski yaranır. Əlbətdə, digər bir ssenari də istisna deyil. Orta Şərqdəki gərginliklər, dəniz nəqliyyatı marşrutlarında gərginlik, bloklanma və ya hərbi risklər, Rusiyaya qarşı sanksiyalar və s. kimi geosiyasi hadisələr təchizatı məhdudlaşdıra və ani qiymət sıçrayışları yarada bilər”.

Gülbəniz Hüseynli / Kredit.az

2 мин чтения
6 просмотров
Поделиться:
"Neft bazarına təzyiqlər büdcə gəlirlərini azalda bilər" | Kredit.az